
Liflər
Liflər - qidalanmada və pəhrizdə vacib rol oynayır. Onlar çoxlu sayda üzvi birləşmələrin qarışığı olub, qəribə kimyəvi struktura və fiziki xüsusiyyətlərə malikdir. Lifli qidalara üstünlük vermək daha sağlam həyat tərzi keçirmək deməkdir. Lifli qidaların bir çox xəstəliklərdən, o cümlədən son illərdə geniş yayılan bağırsaq xərçəngi riskindən qoruduğu iddia olunur. Eyni zamanda artıq çəki probleminin aradan qaldırılmasında da lifli qidaların böyük rolunun olduğu bildirilir.
Qida lifləri – spesifik fizioloji xüsusiyyətlərə malik olub, bağırsağın fəaliyyətini stimullaşdırır, müxtəlif toksiki məhsulları (radionuklidləri, kanserogen maddələri, tam həzm olunmayan qida məhsullarını) adsorbsiya edir, lipid mübadiləsini intensivləşdirir, xolesterinin qana sorulmasının qarşısını alır, bağırsağın mikroflorasının tərkibinin normallaşmasında iştirak edir və çürümə prosesinin qarşısını alır.
İnsan orqanizminə qida liflərinin az daxil olması ürək-damar və onkoloji xəstəliklərin riskini artırır. Qida liflərinə gündəlik tələbat 20-25 qramdır. Qida liflərinə sellüloza,hemisellüloza, pektin maddələri və liqnin aiddir.
Qida liflərinin əsas mənbəyi meyvə, tərəvəz, yağlı bitki toxumları, qarğıdalı, düyü, buğda və soya kəpəyidir. Qida liflərinin əsas hissəsi insan orqanizminə dənli bitkilər vasitəsilə çatır. Çörək-kökə məmulatlarında xüsusilə də çörəkdə (sadə üyünmə ununda) əsas fizioloji aktiv maddələr-sellüloza, liqnin və s. yüksək miqdarda olur. Çörəyin müasir istifadə səviyyəsində insan qida liflərinin yalnız 15-20 %-ni çörəkdən alır.
Liflə zəngin qidalar: Əncir, Fıstıq, Qoz, Portağal, Bulqur, Qarğıdalı, Göy noxud, Taxıl məhsulları, Yulaf, Mərcimək, Badam, Qabaq, İspanaq, Şirin kartof, Banan, Brokoli, Avokado, Nar, Alma, Lobya, Armud, Kök.
Lifli Qidaların Faydaları :
- Ürək xəstəliklərindən qoruyur
- Qandakı pis xolesterolu aşağı salır
- Çəki artımına nəzarət edir
- Mədə-bağırsaq sisteminin sağlamlığını təmin edir
Qəbul edilən hər 1000 kalori üçün təxminən 14 qram lif tövsiyyə edilməkdədir. Bu, yetişkin qadınlar üçün 25 qram, kişilər üçün 38 qram lif deməkdir.